Absheron Media Absheron Media Absheron Media

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-in yeni layihəsi Zəfər tarixinə həsr olunub

Tarix:28-05-2023, 13:28
Baxış Sayı:343

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-in yeni layihəsi Zəfər tarixinə həsr olunub
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-in yeni layihəsi Zəfər tarixinə həsr olunub



Əli Cəfərov: ““Vətən səmasının sönməyən ulduzları” kitabını çap edəcəyik”



Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan xalqının 44 günlük Zəfər tarixinin təbliğatçılarından olmaq üçün daha bir vasitəyə sahiblənə bildi. Belə ki, İB-in Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinə təqdim etdiyi “Zəfər tarixinin xronikası yazılı ədəbi nümunələr və təsvirlərdə” adlı layihə də reallaşdırılması üçün uğur qazanmış layihələr sırasında yer alıb. İB-in sədri və layihənin rəhbəri Əli Cəfərov jurnalistlərə açıqlamasında belə həssas mövzulu bir layihəni dəyərləndirdiklərinə görə Agentliyə xüsusi təşəkkürünü bildirmişdir.

Layihə rəhbəri onu da xüsusi vurğulamışdır ki, Vətən müharibəsinin qəhrəman şəhidlərinin bir qisminin həyat və döyüş yollarına həsr olunacaq bu layihə Zəfər tariximizin bir parçasını özündə əks etdirdiyindən, onu həyata keçirmək həm qürurverici hiss, həm vətənpərvərliyin təbliği, həm də tariximizin saxlancına əvəzsiz vəsaitdir. Layihə çərçivəsində iştirakçılar Masallı rayonundan şəhid olmuş igid oğullarımız - şəhidlərimizin həyat və döyüş yolundan bəhs edəcək “Vətən səmasının sönməyən ulduzları” adlı kitab çap edib ictimailəşdirəcək və zəngin məlumatlara malik həmin kitabı burada haqqında məlumatlar gedən hər bir şəhid ailəsinə paylamaqla yanaşı, respublika kitabxanalarının, arxivlərinin də sərəncamına verəcəklər.

Əli Cəfərov onu da bildirib ki, layihənin həyata keçirilməsi – kitabın çapa hazırlanması prosesində onlar Masallı rayon icra hakimiyyəti aparatında və digər dövlət qurumlarında, ictimai təşkilatlarda müvafiq görüşlər keçirərək məlumatları, faktları dəqiqləşdirəcəklər. Faktların dəqiqləşdirilməsi zamanı şəhid ailələrinin ziyarət edilməsi isə ən başlıca missiyalardan biri olacaq. Bu öhdəliklərin həyata keçirilməsi şübhəsiz ki, Masallı rayonuna davamlı ezamiyyətlərlə müşayiət olunacaq.

“Vətən səmasının sönməyən ulduzları”nın buraxılışının çapına məsul və kitabın tərtibatçısı layihənin rəhbəri Əli Cəfərov, məsləhət və rəyçisi Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı olacaq.

İyun-sentyabr ayları ərəfəsində həyata keçiriləcək layihənin Masallı rayonunda müvafiq qurumların təmsilçilərinin və şəhid ailələrinin iştirakı ilə geniş təqdimatla yekunlaşacağı planlaşdırılır.







Sosial şəbəkə üçün:



Əziz Masallılar - rayonun şəhidlərlə əlaqədar qurumları, baş tacımız olan Şəhidlərimizin ailələri, doğmaları!

Biz – Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin üzvləri Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı ilə Masallı rayonundan Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımıza həsr olunacaq “Vətən səmasının sönməyən ulduzları” adlı kitabı çapa hazırlayırıq. Kitabda şəhidlərimiz haqqında müfəssəl məlumatların yer alıb bu günümüz və gələcəyimiz baxımından arxivləşdirilməsinə ehtiyac böyükdür. Həm başımıza gələn bəlaların, erməni məkrinin gələcək nəsillərə çatdırılması, həm də şəhid qardaşlarımızın müqəddəs ruhlarına ehtiramın vacibliyinin təbliğatı üçün.

Kitabda əlahiddə olaraq şəhidlərimiz haqqında bütün məlumatların tam dəqiqləşdirilməsində məlumat bazası kimi sizlərin yardımına ehtiyacımız olacaq. Ona görə də sizləri bu işə tam səmimi yanaşaraq, onun həyata keçirilməsində fəal olmağa səsləyirik. Tanrı yardımçımız olsun!