Bildiyimiz kimi, uşaqlar xəstələnəndə onlarda tez-tez yüksək hərarət müşahidə olunur. Çox vaxt valideynlər həkimə müraciət etmədən temperaturu dərhal salmağa cəhd göstərir. Aynur xanım, bu nə qədər doğru qərardır?
- Termorequlyasiyaya nəzarət beyində yerləşən hipotalamus tərəfindən həyata keçirilir. Normada bədən temperaturu 36 - 37⁰C olmalıdır. Amma gün ərzində hipotalamus dəridə olan reseptorlarla əlaqəyə girərək, soyuq, isti, stress və digər faktorlar termorequlyasiyaya təsir edir.
Bilmək vacibdir ki, hərarət homeostazın, yəni orqan və sistemlərin daxili mühitinin sabitliyinin əsas göstəricilərindən biridir və diaqnoz qoymaq üçün spesifik simptom deyil. Temperatur infeksion və qeyri-infeksion amillərin təsirindən yarana bilər. Onu patogen mikrofloraya qarşı orqanizmin cavab reaksiyası kimi də qiymətləndirmək olar. Mikrobların təsiri nəticəsində orqanizmin immun sisteminin fəaliyyətə keçməsi və temperaturun yüksəlməsi baş verir. Bu zaman həmin mikroblara qarşı xüsusi növ hüceyrələr yaranır.
Qeyd etmək istərdim ki, ən çox rast gəlinən infeksion mənşəli qızdırmadır. Kəskin respirator virus infeksiyaları, pnevmoniya, bağırsaq infeksiyaları kimi əksər xəstəliklər qızdırma ilə başlayır. Bəzən temperatur reaksiyası ilə əsas xəstəliyin klinik əlamətlərinin meydana gəlməsi arasında bir neçə günlük fasilə keçə bilər. Məsələn, qızılcada 24 saat, pnevmoniyada 6-12 saat, məxmərəkdə 4-5 gün, su çiçəyində 1- 3 gün ara ilə əvvəl qızdırma, sonra digər spesifik əlamətlər yaranır.
- Uşaqlarda hərarətin yüksəlməsi zamanı nə etməliyik?
- İlk olaraq uşağın ümumi vəziyyətini, yəni aktivlik dərəcəsini, dəri örtüyünün rəngini və iştahasını dəyərləndirmək lazımdır. Əgər uşaqda baş, boğaz, qulaq və qarın nahiyələrində müşahidə olunan ağrıları, sutkada 5 dəfədən artıq davam edən qusma kimi hallar olarsa, subfebril (37.5⁰C) qızdırmada belə pediatra müraciət etmək tövsiyə olunur.
Digər tərəfdən, əgər 3 aydan kiçik uşaqda 38.0⁰C temperatur varsa və temperatur aşağı düşmürsə, yaxud sidik ifrazının azalması və dəri örtüyünün solğunlaşması kimi vəziyyətlər meydana gəlirsə, bu halda da həkim nəzarəti mütləq vacibdir.